
“Bakı Fond Birjası” (BFB) QSC və “ASSIST Finance İnvestisiya Şirkəti” ASC arasında marketmeykerlik müqaviləsi bağlanıb.
Bağlanmış müqaviləyə əsasən, “ASSIST Finance İnvestisiya Şirkəti” ASC 9 iyun 2026-cı il tarixindən etibarən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin adi, adlı, sənədsiz səhmləri (ISIN: AZ1004004581) üzrə təkrar bazarda marketmeyker fəaliyyətinə başlayıb.
Müqavilənin şərtlərinə uyğun olaraq, investisiya şirkəti birjanın ticarət sistemində öz adından gündəlik olaraq minimum 50,000 (əlli min) AZN ekvivalentində həm alış, həm də satış sifarişləri yerləşdirmək öhdəliyi götürüb. Sözügedən əməliyyatlar BFB tərəfindən müəyyən edilmiş gündəlik 15%-lik qiymət dəhlizi çərçivəsində həyata keçiriləcək.


