5-6 May 2026-cı il tarixlərində Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) özünün strateji Maarifləndirmə Missiyası çərçivəsində Qarabağ bölgəsinə işgüzar səfər həyata keçirmişdir. Maarifləndirici səfər Qarabağ Təlim Mərkəzinin təşkilati tərəfdaşlığı və Qarabağ Universitetinin dəstəyi ilə baş tutmuşdur.

Səfərin əsas məqsədi regionda kapital bazarları üzrə maarifləndirmənin artırılması, maliyyə savadlılığının təşviqi, gənclərin kapital bazarlarına marağının artırılması və yerli sahibkarlarla qarşılıqlı fikir mübadiləsinin aparılması olmuşdur.

Proqramın ilk günü Qarabağ Universitetinin nümayəndələri Universitetin fəaliyyəti və infrastrukturu barədə AKBA nümayəndələrinə ətraflı məlumat vermiş, keçirilən dərslərə baş çəkilmişdir. Daha sonra, AKBA rəhbərliyi ilə Universitet rəhbərliyi arasında tanışlıq və gələcək əməkdaşlığın müzakirəsi məqsədilə görüş keçirilmişdir. Görüşün ardından, böyük auditoriyada “Dəyişən Dünyada Kapital Bazarları” mövzusunda müzakirə paneli formatında təlim keçirilmişdir. Panelin moderatoru AKBA Direktorlar Şurasının (DŞ) sədri Orxan Bağırov (“İnvest-AZ” İ.Ş.) olmuşdur; paneldə həmçinin DŞ üzvləri Müşfiq Əhmədov (Milli Depozit Mərkəzi), Nadir Babazadə (“ABB-İnvest” İ.Ş.), digər üzv nümayəndələri Tələt Kalayev (“Unicapital” İ.Ş.) və Mətin Yolçiyev (Bakı Fond Birjası) panelist qismində çıxış etmişlər.

Müzakirələr zamanı dəyişən qlobal iqtisadi şəraitdə kapital bazarlarının rolu, investisiya alətləri, IPO prosesləri, maliyyə texnologiyalarının inkişafı və Azərbaycanda kapital bazarlarının gələcək perspektivləri barədə iştirakçılarla geniş fikir mübadiləsi aparılmışdır.

Tədbirdə AKBA üzvlərinin nümayəndələri, Qarabağ Universitetinin rəhbərliyi və tələbələri, yerli dövlət qurumlarının rəsmiləri, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak etmişdir. Panel interaktiv formatda təşkil olunmuş, iştirakçıların sualları cavablandırılmış və praktiki təcrübələr bölüşülmüşdür. Təlimin sonunda tələbələr arasında sual-cavab keçirilmiş və qaliblərə üzv təşkilatlar tərəfindən hədiyyələr təqdim edilmişdir. Rəsmi hissənin ardınca, Xankəndi şəhəri ilə tanışlıq gəzintisi keçirilmiş, daha sonra isə yerli biznes nümayəndələri və maliyyə sektorunun digər iştirakçıları ilə birlikdə axşam yeməyi keçirilmişdir.

Səfər proqramının ikinci günü AKBA nümayəndələri Şuşa şəhərinə səfər etmiş, şəhərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, tarixi-mədəni abidələr və regionun inkişaf perspektivləri ilə yaxından tanış olmuşlar. Səfər çərçivəsində Qarabağın investisiya potensialı və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.

AKBA paytaxtla yanaşı regionlarda da maliyyə savadlılığının artırılması və kapital bazarları üzrə maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsi istiqamətində təşəbbüslərini gələcək dövrdə də davam etdirməyi planlaşdırır.