4 may tarixində Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) ofisində PAŞA Bank-ın IPO (İlkin Kütləvi Təklif) prosesinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir yerli kapital bazarlarının inkişafı, investisiya imkanlarının genişləndirilməsi və IPO mexanizmlərinin iştirakçılara daha ətraflı izah edilməsi məqsədi daşıyıb.

Tədbirin açılışında AKBA nümayəndələri kapital bazarlarının ölkə iqtisadiyyatındakı rolunu vurğulayaraq bu kimi təşəbbüslərin bazarın dərinləşməsi və investor bazasının genişlənməsi baxımından əhəmiyyətini qeyd ediblər. Ardınca PAŞA Bank nümayəndələri tərəfindən IPO prosesinin mərhələləri, hüquqi və maliyyə aspektləri, eləcə də bazara çıxış strategiyaları barədə təqdimat həyata keçirilib.

Təqdimat çərçivəsində IPO-nun planlaşdırılması, qiymətləndirmə mexanizmləri, investorlarla kommunikasiya və listinq sonrası öhdəliklər kimi vacib mövzular ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, yerli kapital bazarlarında IPO alətlərinin tətbiqi, mövcud imkanlar və gələcək perspektivlər iştirakçılarla interaktiv formatda müzakirə olunub.

Tədbirdə AKBA üzv şirkətlərinin nümayəndələri iştirak edərək mövzu ilə bağlı fikir mübadiləsi aparıb, suallarını ünvanlayıb və praktiki təcrübələrini bölüşüblər. Görüş çərçivəsində iştirakçılar üçün IPO prosesinə dair real bazar yanaşmaları və potensial çağırışlar da təqdim olunub.