Mərkəzi Bankın İdarə Heyətinin 1 aprel 2026-cı il tarixli qərarı ilə “İnvestisiya şirkətlərinin davamlı kapital tələbləri Qaydası”na dəyişikliklər edilmişdir. Dəyişikliklər investisiya şirkətlərinin təsnifləşdirilməsini, onların kateqoriyalarının dəyişməsi hallarının tənzimlənməsini, kapital tələblərinin hesablanmasında yeni yanaşmanın tətbiqini, habelə likvid aktivlərə və leverec əmsalına dair yeni tələbləri ehtiva edir.

Kapital tələblərinin hesablanmasına tətbiq edilən yeni yanaşma investisiya şirkətlərinin ticarət kitabının həcmi ilə yanaşı, investisiya xidmətlərinin göstərilməsindəki aktivliyini də nəzərə alaraq, onların fəaliyyətinin daha mütənasib şəkildə tənzimlənməsinə şərait yaradır. İnvestisiya şirkətlərinin likvid aktivlərinə dair yeni tələblər və leverec əmsalının minimum həddinin müəyyən olunması isə kapital bazarında vasitəçilik fəaliyyəti həyata keçirən iştirakçıların dayanıqlı inkişafına xidmət edir.

Mərkəzi Bank tərəfindən Azərbaycan Kapital Bazarları Assosiasiyasında (AKBA) təqdimat təşkil olunmuş, “İnvestisiya şirkətlərinin davamlı kapital tələbləri Qaydası”na edilmiş dəyişikliklər ətrafında müzakirələr aparılmış və sektor nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.