
8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində AKBA-nın təşkilatçılığı ilə “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri üçün maliyyə savadlılığı mövzusunda maarifləndirici təlim keçirilib. Tədbirin məqsədi iştirakçıların maliyyə biliklərinin artırılması, kapital bazarları haqqında məlumatlılığın genişləndirilməsi və maliyyə alətlərindən düzgün istifadə bacarıqlarının təşviq olunması olub.
Təlim zamanı AKBA Direktorlar Şurasının üzvü “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin İdarə Heyətinin sədri Pərvanə Qasımova təqdimatçı kimi çıxış edərək Azərbaycanda kapital bazarlarının formalaşma və inkişaf mərhələləri haqqında məlumat verib. O, iştirakçılara kapital bazarlarının iqtisadiyyatdakı rolu, investisiya imkanları və maliyyə qərarlarının düzgün verilməsinin əhəmiyyəti barədə ətraflı danışıb
Qeyd edək ki, təlim iştirakçılarının əksəriyyətini pensiya yaşına çatmış xanımlar təşkil edib. Bu da qadınların maliyyə savadlılığının artırılması və iqtisadi proseslərdə daha fəal iştirakının təşviqi baxımından tədbirin əhəmiyyətini daha da artırıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və maliyyə savadlılığı mövzusunda fikir mübadiləsi aparılıb. AKBA bu kimi təşəbbüslərlə cəmiyyətdə bütün yaş qrupları arasında maliyyə savadlılığının artırılmasına və kapital bazarları haqqında məlumatlılığın genişləndirilməsinə töhfə verməyə davam edir.


