
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 06 yanvar 2026-cı il tarixli qərarına əsasən Ağahüseyn Kamal oğlu Xudaverdiyev Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib.
Ağahüseyn Xudaverdiyev 08 may 2023-cü il tarixindən hazırkı təyinata qədər MDM-in İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, 21 fevral 1976-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasını fərqlənmə diplomu ilə bitirib.
Xudaverdiyev əmək fəaliyyətinə 19 oktyabr 1999-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Qiymətli kağızların tədavülünün tənzimlənməsi departamentində aparıcı mütəxəssis vəzifəsində başlayıb. 2002–2003-cü illərdə həmin departamentdə baş mütəxəssis kimi çalışıb, sonradan isə Korporativ qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsinin rəisi və sektor müdiri vəzifələrini icra edib. 2010-cu ilin aprel ayından 2016-cı ilin mart ayınadək Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Tədavülün tənzimlənməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Azərbaycan kapital bazarının tənzimləmə və qanunvericilik çərçivəsinin hazırlanmasında fəal iştirakına görə bir sıra mükafatlara layiq görülüb. 2016-cı ilin mart ayında dövlət qulluğunun müşaviri ixtisas dərəcəsini alıb. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 sentyabr tarixli 3118 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Qeyd edək ki, 2023-cü ilin may ayında MDM-in Müşahidə Şurasının 08 may 2023-cü il tarixli qərarı ilə A. Xudaverdiyev MDM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdi.


