Azərbaycan Kapital Bazarı İştirakçılarının Assosiasiyasının (AKBA) üzvlərinin iştirakı ilə Mərkəzi Bankda “2024–2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyası” çərçivəsində kapital bazarlarında alət çeşidinin genişləndirilməsinə həsr olunmuş sessiya keçirilib.

Tədbirdə sekyuritizasiya (aktivlərin qiymətli kağızlara çevrilməsi), ekoloji, sosial və idarəetmə sahəsinə yönəlmiş investisiya aləti olan yaşıl istiqrazlar, həmçinin sukuk – İslam qiymətli kağızları mövzuları üzrə təqdimatlar dinlənilib.

Sessiyada investisiya şirkətləri və digər bazar iştirakçılarının nümayəndələri iştirak edib. Tədbir zamanı beynəlxalq təcrübə, yeni alətlərin işləmə prinsipi və tətbiq mexanizmləri, eləcə də Mərkəzi Bankın tənzimləyici yanaşmaları barədə müzakirələr aparılıb.

İnteraktiv formatda keçirilən görüş iştirakçılar üçün yeni trendlərlə tanış olmaq və təcrübə mübadiləsi aparmaq baxımından səmərəli olub.