
Quba filialında “InvestAZ İnvestisiya Şirkəti”nin mütəxəssisləri tərəfindən seminar keçirilib.
ADPU-nun Quba filialında tələbələrin və pedagoji heyətin praktiki biliklərinin artırılması və maliyyə bazarları ilə yaxından tanışlığı məqsədilə “Maliyyə bazarlarında praktik fəaliyyət və əldə edilmiş uğurlar” mövzusunda genişmiqyaslı Master Klass təşkil olunub. Tədbir iqtisadiyyatın müasir trendlərini izləmək və gənc mütəxəssislərin maliyyə savadlılığını yüksəltmək baxımından böyük maraqla qarşılanıb.
Seminarı giriş nitqi ilə filialın şöbə müdiri Yusif Abayev açaraq bazar iqtisadiyyatında vətəndaşların iqtisadi biliklər, maliyyə savadllığı və bu istiqamətdə nəzəri bacarılqarın praktiki tətbiqininzəruriliyi haqqında qısa məlumatlandırıb. Master Klass çərçivəsində ilk olaraq “InvestAZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analitika departamentinin baş mütəxəssisi Rövşən Məmmədov çıxış edib. O, “Birjada qiymətin düşməsindən necə qazanmaq olar?” mövzusuna toxunaraq, maliyyə bazarlarının təkcə artım deyil, həm də eniş trendlərində təqdim etdiyi imkanları izah edib. R.Məmmədov risklərin idarə olunması, müasir investisiya strategiyaları və birja əməliyyatlarının texniki-fundamental əsasları barədə ətraflı məlumat verərək, real bazar nümunələri ilə fikirlərini əsaslandırıb.
Daha sonra “İnvest-AZ İnvestisiya Şirkəti” QSC Yatırım məsləhətçisi Rəşad Mustafayev “Rəqəmsal aktivlər: kriptovalyutanın iqtisadi və texnoloji əsasları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda rəqəmsal aktivlərin iqtisadi mahiyyəti, blokçeyn texnologiyasının yaratdığı yeni perspektivlər və kriptovalyuta bazarının özünəməxsus xüsusiyyətləri vurğulanıb. R.Mustafayev bu sahədə mövcud olan texnoloji yanaşmalar və qlobal iqtisadiyyata təsirləri barədə iştirakçıları məlumatlandırıb.
Məruzələr başa çatdıqdan sonra tədbir sual-cavab formatında davam edib. Tələbələr və müəllim heyəti tərəfindən ünvanlanan kriptovalyutanın nəğdləşdirməsi, qiymətli kağızların bazar riskləri, birja analitikasının qaydaları, beynəlxalq fond birjalarında səhmlərə sahiblənmək, fond birjalarında gəlirlər və vergilərin tənzimlənməsi, yerli qiymətli kağızlar bazarlarında iştirakın təhlükəzisliyi ilə bağlı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
Görüşün xüsusi əhəmiyyətli məqamlarından biri də qonaqların fakültə kitabxanasına etdiyi töhfə olub. Master Klassı keçirən mütəxəssislər tərəfindən tələbələrin istifadəsi üçün investisiya və maliyyə sahəsini əhatə edən dəyərli kitablar hədiyyə edilib.
Tədbirin sonunda iştirakçılar və qonaqlarla birlikdə günün xatirəsi olaraq xatirə şəkli çəkdirilib.



