Azərbaycan nümayəndə heyəti Pakistan Mərkəzi Depozitariyası (Central Depository Company – CDC) tərəfindən təşkil olunan xüsusi sessiyada iştirak etmək məqsədilə qurumu ziyarət etmişdir.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) Direktorlar Şurasının Sədri Orxan Bağırov, Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Ruslan Xəlilov, Pakistan–Azərbaycan Ticarət Palatasının nümayəndələri, eləcə də nümayəndə heyətinin digər üzvləri daxil olmuşdur.

Səfər çərçivəsində iştirakçılara CDC-nin əsas xidmətləri, strateji təşəbbüsləri, biznesin şaxələndirilməsi istiqamətləri və rəqəmsal transformasiya sahəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı təqdimat olunmuşdur.

Tədbir çərçivəsində keçirilən interaktiv sessiya kapital bazarlarının inkişaf perspektivləri, əməliyyat çərçivələri, eləcə də Azərbaycan və Pakistan kapital bazarları arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə həsr edilmişdir.