
4 mart 2026-cı il tarixində Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) üzv şirkətləri Bakı Fond Birjası tərəfindən keçirilən “Gender Bərabərliyinə həsr edilmiş Açılış Zəngi” təşəbbüsündə iştirak ediblər. Tədbir BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüsü, BMT Qadınlar və Dünya Birjalar Federasiyası tərəfindən qlobal miqyasda həyata keçirilən təşəbbüs çərçivəsində baş tutub.
Bu il tədbirin mövzusu “Kapital bazarlarında analiz və strategiyaların formalaşdırılmasına gender əsaslı yanaşma” olub. Müzakirələrdə maliyyə sektorunda qadınların rəhbər vəzifələrdə təmsil olunması, əmək bazarında gender balansı və inklüziv iqtisadi inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Panel müzakirəsində AKBA Direktorlar Şurasının üzvü Pərvanə Qasımova və AKBA-nın üzvlər və maraqlı tərəflərlə iş üzrə meneceri İlahə Quluyeva, eləcə də maliyyə sektorunun müxtəlif qurumlarının nümayəndələri iştirak edərək gender əsaslı yanaşmanın kapital bazarlarında daha dayanıqlı qərarverməyə təsiri barədə fikirlərini bölüşüblər.
Tədbir iştirakçıların birgə Açılış Zəngini çalması ilə yekunlaşıb.


