
Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) rəhbərliyi və üzv şirkətlərin nümayəndələri “PAŞA Bank”ın səhmlərinin İlkin Kütləvi Təklifinə (IPO) həsr olunmuş tədbirdə iştirak ediblər.
Tədbir zamanı IPO prosesi, investorlar üçün yaradılan imkanlar və kapital bazarlarının inkişaf perspektivləri barədə ətraflı məlumat təqdim olunub.
“PAŞA Bank”ın Baş icraçı direktoru Cavid Quliyev çıxışı zamanı IPO-nun Bankın strateji inkişaf hədəflərində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, investorlar üçün yaradılan imkanlar barədə ətraflı məlumat verib.
Eyni zamanda, Bakı Fond Birjasının Müşahidə Şurasının sədri Fərid Axundov çıxış edərək kapital bazarlarının inkişafında ilkin kütləvi təkliflərin rolunu qeyd edib və bazar iştirakçıları üçün yeni perspektivlərə diqqət çəkib.
Bildirilib ki, səhmlərin emissiyası ilə bağlı ətraflı məlumat Novruz bayramından sonra ictimaiyyətə təqdim olunacaq.
AKBA kapital bazarlarının dərinləşdirilməsi və investorların maarifləndirilməsi istiqamətində təşəbbüsləri dəstəkləməyə davam edir.

