4 fevral 2026-cı il tarixində Azərbaycan Kapital Bazarları Assosiasiyasının (AKBA) üzvlərinin ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda Assosiasiyanın üzv təşkilatlarının nümayəndələri, direktorlar şurasının üzvləri və icraedici heyət iştirak etmişdir.

Azərbaycan Kapital Bazarları Assosiasiyasının Direktorlar Şurasının direktoru Orxan Bağırov tərəfindən iclası açıq elan edilmişdir. O, Assosiasiyanın ötən dövr ərzində həyata keçirdiyi fəaliyyətlərə toxunmuş, üzvlərin aktiv iştirakının və institusional əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Daha sonra AKBA-nın icraçı direktoru Elvin Qasımov Assosiasiyanın 2025-ci il üzrə fəaliyyət planının icra vəziyyəti barədə geniş təqdimatla çıxış etmişdir. Təqdimat zamanı kapital bazarlarının inkişafına yönəlmiş təşəbbüslər, həyata keçirilmiş layihələr, maarifləndirici tədbirlər, üzvlərlə əməkdaşlıq mexanizmləri və əldə olunmuş nəticələr iştirakçıların diqqətinə çatdırılmışdır.

İclasın növbəti hissəsində AKBA-nın mühasibi Şaban Qasımov cari il üzrə maliyyə nəticələrini açıqlamışdır. Maliyyə hesabatında Assosiasiyanın gəlir və xərcləri, maliyyə dayanıqlığı, vəsaitlərin səmərəli və şəffaf istifadəsi ilə bağlı əsas göstəricilər təqdim edilmiş, üzvlərin sualları cavablandırılmışdır.

Yığıncağın gündəliyinə uyğun olaraq, həmçinin AKBA-nın gələcək fəaliyyət istiqamətləri müzakirə olunmuşdur. Qarşıdakı dövr üçün strateji prioritetlər,  beynəlxalq əməkdaşlığın genişləndirilməsi, insan kapitalının inkişafı və innovativ yanaşmaların tətbiqi ilə bağlı planlar ətrafında fikir mübadiləsi aparılmışdır.