Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) — 2007-ci ildə təsis edilmişdir, qiymətli kağızlar və kapital bazarlarında fəaliyyət göstərən iştirakçıların ümumi məqsədlər əsasında birləşdiyi, üzvlərin bərabər hüquq və öhdəliklər prinsipləri ilə fəaliyyət göstərən qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. Assosiasiya kapital bazarının inkişafı üçün əlverişli mühit yaradılmasını, bazarda şəffaflıq və etimadın gücləndirilməsini, iştirakçılar arasında bilik və təcrübə mübadiləsinin təşviq olunmasını əsas məqsəd kimi qəbul edir. AKBA bilik və bacarıqların inkişafına şərait yaradaraq vahid müzakirə və əməkdaşlıq platforması formalaşdırmağa, bununla da dayanıqlı, şəffaf və rəqabətədavamlı kapital bazarı ekosisteminin qurulmasına töhfə verməyə çalışır. Fəaliyyətində şəffaflıq, innovativlik, inkişaf, əməkdaşlıq və etibarlılıq kimi dəyərlərə əsaslanan Assosiasiya investorların, bazar iştirakçılarının və digər maraqlı tərəflərin səmərəli əməkdaşlıq edə biləcəyi etibarlı və peşəkar kapital bazarı mühitinin formalaşmasına liderlik etmək niyyətini daşıyır.